Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib
8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Yürüşdə Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri, Samux, Ağdaş və Gədəbəydən gələn velosipedçilər, eləcə də könüllülər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Əli Məmmədov, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli UGİŞM-nin direktoru, “Şöhrət” ordenli Ramil Qasımov, Gəncə şəhər 2 nömrəli UGİŞM-nin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, eləcə də Heydər Əliyev Park-Kompleksinin müdiri İlyas Məmmədov çıxış ediblər.
Yürüşün sonunda bütün iştirakçılara Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub.






