Gəncədə Əməkdar elm xadimi Xəlil Yusifli ilə vida mərasimi keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı, Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, "Şöhrət" ordenli alim Xəlil Yusfili ilə vida mərasimi keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və mərhumun ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmilər Xəlil Yusiflinin həyat və elmi fəaliyyətinə nəzər salıb, onun Azərbaycan elminə göstərdiyi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Xəlil Yusifli ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olub "Nizaminin lirikası", "Şərqdə İntibah və Nizami Gəncəvi" kimi monoqrafiyaları ərsəyə gətirib. O da bildirilib ki, Xəlil Yusiflinin vəfatı Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itkidir.
Mərhumun ailə üzvləri çıxış edərək atalarının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər.
Daha sonra mərhumun ruhuna dualar oxunub. Qeyd edək ki, alim doğulduğu Qazax rayonunda dəfn olunacaq.
Xatırladaq ki, Xəlil Yusifli 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 2009-cu ildə Azərbaycanda təhsil, elm və jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Sonda Gəncə Şəhər İcra Hakimiyyəti adından Xəlil Yusiflinin vəfatı ilə bağlı ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!