Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədən olan nümayəndə heyəti Qomel şəhərinin 884-cü ildönümü tədbirlərində iştirak edib

14 sentyabr 2026 | 10:52

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində səfərdədirlər.

Gəncədən olan nümayəndə heyəti Qomel şəhərinin yaranmasının 884-cü ildönümü münasibətilə keçirilən “Qomel Şəhər Günü” tədbirlərində iştirak edib.

Bayram tədbirləri çərçivəsində Əmək meydanında yerləşən “Əbədi məşəl” qarşısında anım mərasimi keçirilib. Mərasimdə şəhər və vilayət rəhbərliyinin nümayəndələri, ictimai təşkilatların və siyasi partiyaların təmsilçiləri, əmək kollektivləri və gənclərlə yanaşı, Belarus, Azərbaycan, Rusiya və Gürcüstandan olan nümayəndə heyətləri iştirak ediblər.

Mərasim iştirakçıları Vətən müdafiəçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə önünə gül və əklillər qoyublar. Qomeldə Şəhər Günü ənənəvi olaraq tarixi yaddaşı, nəsillərin varisliyini və Vətənin azadlığı uğrunda canlarından keçmiş insanların xatirəsinə ehtiramı ifadə edən anım tədbirləri ilə başlayır.

Tədbirlər çərçivəsində nümayəndə heyətləri üçün Qomelin tarixi məkanlarından biri olan Rumyantsev və Paskeviçlər Sarayına ekskursiya təşkil olunub. Daha sonra sarayın həyətində təntənəli qəbul keçirilib. Qonaqlar Qomel şəhərini və onun rəhbərliyini Şəhər Günü münasibətilə təbrik edib, xatirə hədiyyələri təqdim ediblər.

Qomel Şəhər İcraiyyə Komitəsinin sədri Ruslan Parxamoviç çıxışında şəhərin beynəlxalq əməkdaşlığının genişləndiyini qeyd edib. Bildirib ki, Qomelin dünyanın 13 ölkəsinin şəhərləri ilə 42 beynəlxalq sənədi imzalanıb. O, iki il əvvəl Qomel ilə Azərbaycanın Gəncə şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu da vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək Qomel şəhərini 884-cü ildönümü münasibətilə təbrik edib, şəhər sakinlərinə firavanlıq və yeni uğurlar arzulayıb. O, Gəncə ilə Qomel arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Gəncə ilə Qomel arasında qardaşlaşma münasibətləri şəhərlər arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

 

Keçidlər