Gəncəli yazıçı Mahir Hüseynovun yeni kitabı təqdim olunub
Gəncəli yazar, ehtiyyatda olan mayor Mahir Hüseynovun “Müharibənin şəkli” adlı yeni kitabının təqdimat mərasimi baş tutub.
“Bookzone” Gəncə Kitab Evində keçirilən təqdimatda rəsmilər, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, yazıçılar, şairlər, ziyalılar, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mahir Hüseynov çıxışında kitabı haqqında geniş məlumat verib. O, qeyd edib ki, kitab səngərlərdə, döyüş meydanlarında yazılmış, qanla, qələmlə, ruhla yoğrulmuş bir hekayədir. Hər səhifədə bir əsgərin yaşadığı daxili mübarizələr, onun qorxuları, ümidləri və sevdiklərinə qayıtmaq arzusu var. Bu kitab təkcə müharibənin səsini deyil, insanın içində susmayan sualları da çatdırır. Sonda Mahir Hüseynov kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.
Çıxış edən ziyalılar qeyd ediblər ki, gənc yazar Mahir Hüseynovun müharibə haqqında yazdığı roman döyüş meydanında olan neçə igid əsgərlərimizin şücayətini, vətənpərvərliyini, qorxmazlığını göstərir. Qonaqlar gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirdiklərini bildirib və ona gələcək işlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Mahir Hüseynov 2016-cı ildə Aprel döyüşlərinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin, 2022-ci ildə “Qisas”, 2023-cü ildə isə antiterror əməliyyatlarının iştirakçısı olub. Hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, bu yazıçının nəşr olunan sayca üçüncü kitabıdır. Bundan əvvəl müəllifin “Ağıllı qisas” və "Qərar ver, inkişaf et" adlı kitabları işıq üzü görüb.