Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəni Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda təmsil edəcək şagirdlərlə görüş keçirilib

19 noyabr 2024 | 17:51

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçiriləcəkdir. Forumda Nizami yurdunu Uşaq Səfirlər Məclisinin Gəncə şəhər üzrə nümayəndəsi, 27 nömrəli məktəb-liseyinin XI sınif şagirdi Hüseyn İsmayılov, Uşaq Səfirlər Məclisinin Gəncə şəhər üzrə fəallarından Gəncə şəhər 17 nömrəli məktəbin şagirdi Kənan Əliyev və Gəncə şəhər 44 nömrəli məktəb-liseyin şagirdi Aylin Kərimova təmsil edəcəklər.

Bugün Gəncə Şəhər İcra Hakimiyyətində şəhərimizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda təmsil edəcək şagirdlərlə görüş təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Niyazi Bayramovun adından şagirdləri salamlayaraq, onlara xoş diləklərini çatdırıb. Adil Tağıyev Forumun əhəmiyyətindən danışaraq, onun uşaqların həyatında əhəmiyyətli hadisə kimi dəyərləndirib və onların gələcək inkişafında mühüm rol oynayacağına əminlik ifadə edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəqani Əbdüləzimov bildirib ki, Prezident İlham Əliyev hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır. Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Artıq altıncı ildir ki, keçiriləcək olan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu da ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. 

Görüşün davamında şagirdlərə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirak vərəqələri və yaddaş kitabçaları təqdim olunub, eyni zamanda onlar iştirak şərtləri barədə məlumatlandırılıblar.

Qeyd edək ki, ölkəmizin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçılar 7 mövzu üzrə qruplaşaraq müzakirələr aparacaq, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayacaq və əsaslandırılmış təkliflərlə çıxış edəcəklər.

Keçidlər