Gəncənin Hacıkənd qəsəbəsində növbəti iməclik təşkil olunub
Gəncə şəhərinin müxtəlif ərazilərində iməcliklərin təşkili artıq ənənə halını almaqdadır. Yay fəsli və turizm mövsümünün yaxınlaşması nəzərə alınaraq növbəti iməclik Gəncənin Hacıkənd qəsəbəsində təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, YAP Gəncə şəhər təşkilatının, Gəncə şəhər Kəpəz və Hacıkənd bələdiyyələri, həmçinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dəstəyi ilə reallaşan iməclikdə qəsəbə sakinləri də iştirak ediblər.
İməcilik zamanı Hacıkənd qəsəbəsi və yol kənarlarında təmizlik və abadlıq işləri həyata keçirlib. İşlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinə gələrək, iməclik zamanı görülən işlərlə yerində tanış olub, meşəlik ərazidə ağac əkib. Bununla yanaşı, şəhər rəhbəri Hacıkənd qəsəbəsindəki "Nizami Gəncəvi – sələflər və xələflər" parkına da baş çəkib. Burada cari təmir işlərinin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Məlum olduğu kimi, Hacıkəndin füsunkar təbiəti ilin bütün fəsillərində şəhər sakinlərinin diqqətini cəlb edir. Buradakı meşəliklərdə istirahət edən sakinlər bir çox hallarda istifadə edtikləri sellofan torpa, plastik butulka və digər tullantıları ərazidən toplamadan gedirlər. Bu da Hacıkənd meşələrinin çirklənməsinə səbəb olur. Sakinlərdən təbii sərvətimiz hesab edilən meşəlikləri qorumaq, ətraf mühiti çirkləndirməmək xahiş olunur.
Qeyd edək ki, bu tip iməclik aksiyaları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təşkil edilir.