Gəncənin mədəni irsinin qorunmasına həsr olunmuş forum keçirilib
Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə Regional Turizm Agentliyinin, AMEA Gəncə Bölməsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Gəncə Dövlət Regional Kollecinin və Etno Miras Araşdırma və Tədqiqat Mərkəzinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində gənclərin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. Daha sonra Gəncənin mədəni irsinin qorunmasında gənclərin roluna həsr olunmuş panel müzakirəsi keçirilib.
Müzakirələr zamanı şəhərin tarixi-mədəni irsinin mühafizəsi, mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması, gənclərin bu sahədə təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edənlər Gəncənin Azərbaycanın qədim mədəniyyət və şəhərçilik ənənələrinin formalaşdığı mühüm mərkəzlərdən biri olduğunu qeyd edərək, şəhərin zəngin tarixi-mədəni irsinin qorunmasında gənc nəslin fəal iştirakının vacibliyini vurğulayıblar. Bildirilib ki, gənclərin mədəni irsin mühafizəsi və təbliği prosesinə cəlb olunması milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Forumun sonunda tədbirdə fəallığı ilə seçilən gənclər təltif olunublar.
Qeyd edək ki, forum Gəncənin zəngin mədəni irsinin qorunması və təbliği, gənclərin bu sahəyə marağının artırılması, eləcə də onların mədəni irsin mühafizəsində fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.






