Gəncənin məktəblərində “Bilik günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Bilik günü” ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiqlədiyi təhkimçilik siyahısına əsasən şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən qonaqlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Həmçinin, şagirdlərə öz ürək sözlərini bildirərək, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Daha sonra birinci sinfə qədəm qoyan şagirdlərin təqdimatında şeirlər səslənib, müxtəlif rəqslər nümayiş olunub.
Qeyd edək ki, bu il birinci sinfə daxil olan şagirdlərin arasında Azərbaycan Respublikasının bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın da övladları yer alıblar. Belə ki, şəhid Xuduş Kazımovun övladı Əbdülkərim Kazımov Gəncə şəhər 38 nömrəli tam orta məktəbin, şəhid Nicat Qasımovun övladı Nurlan Qasımov Gəncə şəhər 26 nömrəli tam orta məktəbin, şəhid Orxan Həsənovun övladı Aysun Həsənova isə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin, şəhid Laçın Alıyevanın qızı Aylin Alıyeva isə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfində təhsil alacaqlar. Rəsmilər tərəfindən şəhid övladları ayrı-ayrılıqda “Bilik Günü” münasibətilə təbrik edilib, uğurlar arzulanıb.
Məlumat üçün bildiririk ki, 2024-2025-ci tədris ilində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 45 ümumi təhsil məktəbində ümumilikdə 44917 şagird təhsil alacaq. Bunlardan 3891 nəfər şagird 1-ci sinfə daxil olub.
Xatırladaq ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.