Gəncənin müxtəlif ərazilərində asfaltlanma işləri aparılır
Gəncədə "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin yekunlaşdığı ərazilərdə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin sifarişi ilə asfaltlanma işləri aparılır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həyata keçirilən işlərlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 232 min kv.m olan 52 küçədə və 7 məhəllədaxili küçələrdə təmir-tikinti işləri nəzərdə tutulur. Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülərək, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol salınır. O da qeyd olunub ki, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölçüsü 13 min 900 m olan mövcud piyada səkilərinə bardürlər vurulur, 2 min m. səkinin bardürləri isə bərpa edilir. Əlavə olaraq, 27 min 600 kv. m. səkiyə isə asvalt vurulması nəzərdə tutulur.
Niyazi Bayramov işlərin gedişatına baxış keçirib, iş icraçıları ilə söhbət edib, müvafiq tapşırıq və tövsiyələrini verib. Bununla yanaşı, şəhər rəhbəri təmir-bərpa işləri aparılan küçələrin sakinləri ilə də görüşüb, onların müraciətlərini dinləyib.
Sakinlər öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, sözügedən işlər "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin yekunlaşdığı bütün ərazilərdə mərhələli şəkildə həyata keçiriləcəkdir.