Gəncənin nümayəndə heyəti “Suğd-2024” X Beynəlxalq Ticarət Sərgisində iştirak edib
17-19 İyun 2024-cü il tarixlərində Tacikistanın Xücənd şəhərində “Suğd-2024” X Beynəlxalq Ticarət Sərgisi keçirilib. Sərgidə Çin, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Belarus, Türkmənistan, Türkiyə, İran və digər ölkələrlə yanaşı Azərbaycan Respublikasının Gəncə şəhərindən olan nümayəndə heyəti də iştirak edib.
“Suğd-2024” X Beynəlxalq Ticarət Sərgisinin açılış mərasimi Xücəndin “İdman Sarayı”nda baş tutub. 17 ölkənin iştirakı ilə keçirilən tədbirdə sahibkarlar öz məhsullarını satışa çıxarıblar.
Sərgi çərçivəsində Suğd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzodə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərovla, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə və “Gəncə Şərab – 2” ASC-nin nümayəndəsi ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən bəhs olunub.
3 gün davam edən sərgidə müxtəlif panel müzakirələr, dəyirmi masa, mətbuat konfransı və konsert proqramı keçirilib. Sərginin sonunda qonaqlar üçün Xücənd şəhərinin gəzməli-görməli yerlərinə gəzinti təşkil olunub.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd beynəlxalq ticarətin dəstəklənməsi, regionun ixrac potensialının artırılması, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, yeni texnologiyaların tətbiqidir.