Gəncənin prospekt və küçələrində asfaltlanma işləri davam edir
21 iyul 2025 | 11:52
Məlum olduğu kimi, bu il Gəncə şəhərində III MDB Oyunlarının əsas yarışları keçiriləcək. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Bu çərçivədə su-kanalizasiya layihələri tamamlanan bir sıra prospekt və küçələrdə asfaltlanma işləri aparılır.
Hazırda asfaltlanma işləri Nizami Gəncəvi prospektində, Əlövsət Məmmədov, Əli Quliyev küçələrində, Mikayıl Müşfiq və Cavadxan küçələrinin döngə və dalanlarında, həmçinin Muxtar Hacıyev küçəsinin səkilərində davam etdirilir. Nizami prospektində köhnə asfalt qatı sökülür, qeyd olunan digər küçələrdə isə yeni asfalt örtüyü döşənir. Bununla yanaşı, Nizami və Atatürk prospektlərinin kəsişməsində çökmə baş verən yol sahəsində təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, həyata keçirilən bu işlər şəhərin infrastrukturunun yenilənməsi, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də beynəlxalq idman tədbirinə yüksək səviyyədə ev sahibliyi edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






