Gəncənin ümumtəhsil məktəblərində Mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2024-cü il üçün “Müklü Müdafiə üzrə Tədbirlər Planı”na müvafiq olaraq metodiki toplantı keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə ilə baş tutan toplantıya Gəncə şəhər ümumtəhsil məktəblərində çalışan 500-dək müəllim cəlb olunub.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Mülki Müdafiə işinin aparıcısı Yadigar Bədəlov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Gəncə Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Bəhai Nəsirov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Fəzail Poladov iştirak ediblər.
Çıxışlar zamanı toplantı iştirakçılarına “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunuvə onun tələbləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Məqsəd əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsi, işçilərin mülki müdafiəyə daimi hazırlığına nail olmaqdır.
Daha sonra toplantı iştirakçılarına Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən fövqəladə hallar zamanı zərər görən şəxslərə ilkin tibbi yardımın göstərilməsi qaydaları və digər zəruri davranışlar izah olunub.
Qeyd edək ki, metodiki toplantı "Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın müvafiq bölməsinin “Əhatə etdiyi ərazi üzrə ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə kursların keçirilməsi” bəndinə uyğun olaraq təşkil edilib.