Gəncənin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
14 İyun 2023-cü il tarixində Gəncə şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” səslənib. Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təsdiqlədiyi təhkimçilik siyahısına əsasən şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən qonaqlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Həmçinin, şagirdləri “Son zəng” münasibətilə təbrik edərək, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Mərasim məzunların hazırladığı “Son zəng” əbədi-bədii kompozisiyalarla davam edib. Bununla yanaşı, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə “Fəxri fərman”, “Təşəkkürnamə” və diplomlar təqdim olunub.
Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində Gəncə şəhərindən 2961 şagird XI sinfi bitirir.