Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə növbəti səyyar görüş keçirib. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində baş tutan görüşdə Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış lövhənin önünə gül dəstələri düzülüb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən müraciətlər arasında işlə təminat, müayinə və müalicə üçün göndərişin verilməsi, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.
Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.