I Aşıq Festivalının yekun konserti keçirilib
Noyabrın 6-da Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayında I Aşıq Festivalının yekun konserti keçirilib.
May ayında start verilən festivalın yekun tədbirləri noyabrın 3–6-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalın əsas məqsədi milli ozan-aşıq sənətinin qorunması, inkişafı və təbliği, ustad sənətkarların irsinin yaşadılması, eləcə də gənc istedadların üzə çıxarılması olub.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Cahangir Səlimxanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, regional mədəniyyət idarələrinin rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ustad aşıqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda aşıq sənətinin Azərbaycan xalqının milli-mədəni irsindəki əhəmiyyəti, onun qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Dədə Şəmşirin zəngin yaradıcılıq irsinin milli mədəniyyətimizdəki xüsusi yeri və festivalın bu irsin təbliğinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Daha sonra festival çərçivəsində keçirilən aşıq müsabiqəsinin laureatlarının mükafatlandırılması mərasimi olub.
Tədbir festivalın bədii proqramı ilə davam edib. Konsertdə aşıq havaları, xalq mahnıları və milli musiqi nümunələri səsləndirilib, saz ifaçılarının, xor və orkestr kollektivlərinin çıxışları təqdim olunub. Proqramda görkəmli saz-söz ustadı Dədə Şəmşirin yaradıcılığına da xüsusi yer ayrılıb.
I Aşıq Festivalı milli musiqi və ədəbi irsimizin, xüsusilə də aşıq sənətinin qorunması və təbliği baxımından əhəmiyyətli mədəni tədbir kimi yadda qalıb.






