Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

III Gəncə Kitab Sərgisinin açılışı olub

06 dekabr 2024 | 17:54

Bugün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisinin açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq və digər rəsmilər, həmçinin yazıçılar, naşirlər, ziyalılar, tələbə və məktəblilər iştirak ediblər.

Açılış mərasimində çıxış edən ziyalılar, ədiblər, naşirlər kitaba və mütaliəyə marağın artırılması baxımından bu cür tədbirlərin təşkilinin böyük önəm daşıdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, şərq fəlsəfəsinin beşiyi sayılan Gəncədə kitaba maraq hər zaman yüksək olub. Gəncədə kitab sərgisinin keçirilməsi artıq bir ənənə halını almaqdadır və bu da olduqca sevindiricidir.

Rəsmi hissədən sonra III Gəncə Kitab Sərgisi çərçivəsində ilk kitab təqdimatı baş tutub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyyatda olan mayor, gəncəli yazar Mahir Hüseynovun "Qərar ver, inkişaf et" adlı kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, bu Mahir Hüseynovun nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl müəllifin “Ağıllı qisas” romanı Azərbaycan və İngilis dillərində işıq üzü görüb. Görüş zamanı müəllif oxucuları maraqlandıran sualları da cavablandırıb.   

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə keçirilən III Gəncə Kitab Sərgisi dekabr ayının 8-dək davam edəcək.

Qeyd edək ki, bu sərgi son 4 ildə ölkədə reallaşan 17-ci belə tədbirdir. Sərgidə 25-ə yaxın tanınmış nəşriyyat iştirak edir. Sərgi çərçivəsində panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqramın təşkili nəzərdə tutulub. Həmçinin sərgidə 90 faizədək endirim tətbiq edilir.

 

Keçidlər