“İmamzadə” qəbirstanlığında iməcilik aksiyası təşkil olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dəstəyi ilə “İmamzadə” dini ziyarətgah kompleksinin ərazisində yerləşən qəbirstanlıqda iməcilik aksiyası keçirilib.
İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, DQİDK-nın Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri vəzifəsini müvəqqəti icra edən Həsən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilik aksiyasına Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, dövlət peşə təhsil mərkəzləri, həmçinin regional idarələr dəstək veriblər.
İməcilik zamanı “İmamzadə” dini ziyarətgah kompleksinin ətrafında yerləşən qəbirstanlıqda təmizlik və abadlıq işləri həyata keçirilib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Onu da bildirək ki, bu günədək Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən qəbirstanlıq ərazisinə 2 km uzunluğunda asfalt örtüyü salınıb, oturacaqlar və zibil qutuları quraşdırılıb.
İməcilik aksiyasının sonunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik şöbəsinin 100-ə yaxın əməkdaşı ilə görüşüb, onların müraciətlərini dinləyib, səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib.