İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Gəncəyə səfər edib
İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Loretzon Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Səmimi söhbət şəraitində keçən görüşdə, şəhər rəhbəri qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə sənaye sahəsi də inkişaf etməkdədir. Burada Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab - 2” ASC, “Azərbazalt” MMC və digər iri müəssisələr fəaliyyət göstərir. Şəhər rəhbəri onu da qeyd edib ki, Azərbaycanın iri sənaye şəhəri olan Gəncə, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirilməsində logistik mərkəz rolunu oynamaqdadır.
Tobias Loretzon səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. Səfir bildirib ki, səfər çərçivəsində Nizami Gəncəvi Məqbərəsində, Gəncə Dövlət Filarmoniyasında, Cavad xan Türbəsində olub, həmçinin Gəncə Dövlət Dram Teatrını, Heydər Əliyev Par-Xiyaban Kompleksini ziyarət edib. Tobias Loretzon Gəncə Dövlət Dram Teatrında İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin səhnə əsərinin tamaşaya qoyulması ilə bağlı təklif də irəli sürüb. Bununla yanaşı, səfir “Azəralümünium” MMC və “Gəncə Şərab-2” ASC-ni ziyarət edəcəyini bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Görüşdən sonra Tobias Loretzon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Səfir terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.