Laçın: strateji qələbənin və böyük qayıdışın ünvanı
Azərbaycan tarixində 26 avqust xüsusi günlərdən biridir. Bu gün 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Laçın şəhəri günü kimi qeyd olunur. Əsrlər boyu strateji-coğrafi mövqeyi, zəngin təbiəti və tarixi abidələri ilə seçilən Laçın, işğaldan azad olunduqdan sonra yeni inkişaf dövrünə qədəm qoyub.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. 1930-cu ildən isə rayon inzibati ərazi vahidi kimi fəaliyyət göstərir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonunun sərhədləri şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Təbiətinin zənginliyi, 72 min hektar yaylaq və 34 min hektar meşə sahəsi bu bölgəni ölkənin ən mühüm ərazilərindən birinə çevirib.
Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdi. İşğal nəticəsində 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, yüzlərlə tarixi və mədəniyyət abidəsi vandalizmə məruz qaldı, sənaye və sosial obyektlər talan edildi. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratdı və sonrakı faciələrin əsasını qoydu.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabrında Laçın rayonu Azərbaycana təhvil verildi. Daha sonra, 2022-ci ilin 26 avqustunda Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bununla da tarixi ədalət bərpa edildi. Laçının azad olunmasında qəhrəmanlıq göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Möhtərəm Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad edilən torpaqlarımızı cənnətə çevirəcəyik. Bu gün Laçında həyata keçirilən quruculuq işləri də həmin sözlərin real təsdiqidir.
Rayonun enerji potensialı sürətlə inkişaf etdirilir. Burada ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Artıq Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Mirik və Aşağı Malıbəyli SES-ləri istifadəyə verilib. Bu stansiyalar həm bölgənin, həm də ölkənin enerji təminatında mühüm rol oynayır.
Yol-nəqliyyat infrastrukturunun bərpası da əsas prioritetlərdəndir. Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometr olacaq, yol üzərində 17 tunel və 23 körpü inşa edilir. Bununla yanaşı, 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündürdə yerləşən hava limanı kimi regionun beynəlxalq əhəmiyyətini daha da artırır.
Laçın şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evləri, çoxmənzilli binalar, məktəblər, xəstəxana, mədəniyyət və turizm obyektləri inşa edilir. “15 dəqiqəlik şəhər” konsepsiyası tətbiq olunmaqla sakinlərin gündəlik tələbat obyektlərinə yaxın məsafədə çıxışı təmin olunur.
2025-ci ildə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. Burada hotel, kotteclər, konfrans zalları fəaliyyət göstərir və yüzlərlə insan işlə təmin olunub. Bundan başqa, “Hoçazfilm” yaradıcılıq studiyası, mebel fabriki, ayaqqabı istehsalı müəssisəsi, Aqro-Sənaye Parkı və digər sənaye obyektləri də rayonun iqtisadi inkişafına böyük töhfə verir.
Heyvandarlıq, arıçılıq və balıqçılıq təsərrüfatlarının yaradılması da yerli əhalinin məşğulluğunu artırır. “Həkəri Balıq Təsərrüfatı”nda nərə, çökə və forel balıqlarının yetişdirilməsi həyata keçirilir.
2023-cü ildən etibarən laçınlıların Böyük Qayıdışı başlayıb. Artıq minlərlə insan doğma yurduna qayıdıb və yeni evlərdə məskunlaşıb. Zabux, Sus və Bəylik kəndləri müasir infrastrukturla tam yenidən qurulub. Məktəblər, bağçalar, istirahət parkları, sosial obyektlər insanların rahat yaşayışı üçün istifadəyə verilib.
Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti beynəlxalq səviyyədə də təsdiqlənib. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. İyun ayında şəhərdə keçirilən açılış mərasimi Laçının regionda artan nüfuzunun bariz göstəricisidir.
26 avqust – Laçın şəhəri günü artıq azərbaycanlıların qürurla qeyd etdiyi tarixdir. Bu gün yalnız bir şəhərin deyil, həm də bütün Azərbaycanın zəfərinin, dirçəlişinin, milli iradəsinin simvoludur. Laçının bugünkü inkişafı dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcəyə olan inamını nümayiş etdirir.
Niyazi Bayramov
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı






