Laçının işğaldan azad edilməsindən üç il ötür
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.
Beləliklə, 2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də işğal edilmişdi.