Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncəyə səfər edib

31 may 2023 | 19:13

Latviya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Viya Buşa Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Niyazi Bayramov qonağı salamlayaraq, Azərbaycan-Latviya münasibətlərinin vacibliyindən danışıb, Gəncə şəhərinin iqtisadi, sənaye, təhsil və digər sahəsi barədə məlumat verib. Qeyd edib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Şəhərdə hazırda, “Azəralüminium” ASC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab - 2” və digər iri müəssisələr fəaliyyət göstərir ki, bu da Gəncənin iqtisadi potensialının inkişafında böyük rol oynayır. Bununla yanaşı, şəhərdə yeni istehsalat müəssisələrinin inşa edildiyini və qərb bölgəsində ilk dəfə olaraq məhz Gəncədə Ekoloji Park Kompleksinin tikintisinin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, Gəncədə görülən abadlıq-quruculuq işləri çərçivəsində küçələrin işıqlandırılması mövzusuna da toxunulub. Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilib. Şəhərin bir sıra yaşayış massivləri, qəsəbələri və küçələri dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi müasir plafonları və led lampaları ilə işıqlandırılıb.
Viya Buşa səmimi qarşılanmaya görə və ətraflı məlumat üçün Niyazi Bayramova öz təşəkkürünü bildirib. O qeyd edib ki, görüşdən əvvəl “Gəncə Şərab-2” ASC-yə gedib və müəssisədə yaradılan yüksək səviyyəli şəraitlə tanış olub. Diplomat həmçinin, səfər çərçivəsində Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyini, o cümlədən “Azəralümüinium” ASC-ni də ziyarət edəcəyini vurğulayıb.
Görüşdə şəhərin küçə işıqladırılması ilə bağlı əməkdaşlığa dair bir sıra təkliflər səsləndirilib. Latviyanın “SİA Vizulo” şirkətinin yüksək standartlara cavab verən işqılandırma avadanlıqları haqqında geniş məlumat verilib, ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Görüşdən sonra qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Viya Buşaya törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Keçidlər