Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gəncədə olub
Macarıstan Respunlikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətində nəzakət görüşü keçirib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, başçının müavini Adil Tağıyev, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin rektoru Çaba Guriça, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Beynəlxalq Əlaqələr üzrə Direktoru David Bekeşi, Mədəniyyət və Təhsil İşləri üzrə Birinci Katib Monika Felföldi, attaşe Daniel Brenner və “Agrodairy” şirkətinin rəhbərliyi iştirak ediblər.
Səməd Tomuyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb. O qeyd edib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Burada 3 Universiteti və 4 kollec, o cümlədən orta ixtisas məktəbləri, peşə mərkəzləri fəaliyyət göstərir. Ölkədə yeganə aqrar mütəxəssis hazırlayan universitetlərdən olan Azərbaycan Dövlət Aqrar Universitetinin də məhz Gəncə şəhərində yerləşdiyini qonağın diqqətinə çatdırıb.
Birinci müavin onuda qeyd edib ki, Gəncə Azərbaycanın ikinci ən böyük sənaye şəhəridir. Burada bir sıra sənaye müəssisələri fəaliyyət göstərir və istehsal edilən məhsullar Avropanın müxtəlif ölkələrinə ixrac olunur. Eyni zamanda, Gəncə, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirilməsində logistik mərkəz rolunu oynamaqdadır.
Səməd Tomuyev 2020-ci ilin oktyabr ayında Gəncənin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu, nəticədə 26 mülki şəxsin şəhid olduğunu, 130-ya yaxın dinc sakinin isə yaralandığını qonağın diqqətinə çatdırıb. O bildirib ki, mülki əhalinin hədəf alındığı raket hücumları nəticəsində 4 minə yaxın yaşayış və qeyri-yaşayış sahəsi dağıdılıb, təhsil və mədəniyyət obyektlərinə, həmçinin dini məbədlərə ziyan dəyib.
Tamaş Torman Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Byaramova salamını çatdırmağı xahiş edib. Səfir bildirib ki, Azərbaycanla Macarıstan arasında dostluq münasibətləri inkişaf etməkdə, bir sıra sahələrdə uğurlu əlaqələr qurulmaqdadır. Mövcud əlaqələri daha genişləndirmək niyyətində olduqlarını dilə gətirən səfir, başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində bir sıra təkliflərlə çıxış edəcəklərini bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.