Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurasının fəaliyyəti barədə məlumat verərək bildirib ki, 4000-ə yaxın abidə və yeni aşkar edilmiş nümunə üzrə ekspertiza aktları hazırlanıb və materiallar mərhələli şəkildə Şuranın müzakirəsinə təqdim edilir. Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova isə qeyd edib ki, mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi məqsədilə toplanmış yeni materiallar Şuraya təqdim olunub.
Toplantıda Gəncə şəhərində yeni aşkar edilmiş 25 mədəni irs nümunəsinin dövlət mühafizəsinə götürülməsi məsələsi müzakirə edilib. Müzakirələr zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov çıxış edərək bildirib ki, Gəncə şəhəri üzrə yaşayış binalarının tikilmə tarixi, yerləşdiyi ünvanlar və koordinatları barədə məlumatların dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi məktub göndərilib.
Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş edilib. Bununla yanaşı, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olunub.






