Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbət iclası keçirilib
“Ramada Plaza Gəncə”də keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və “Ramada Plaza”nın əməkdaşları iştirak ediblər.
Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. İclasda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” müvafiq Qanunun tətbiqi ilə bağlı 268 nömrəli Fərmanına əsasən, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlarda, eləcə də digər dövlət orqanlarında maliyyə intizamının gücləndirilməsi, israfçılığa və izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə olunması, habelə bütün dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti sahəsində süni maneələrin tam aradan qaldırılması, bu sahədə vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya qanun pozuntularına yol verən şəxslərin qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.






