Nazim Əhmədovun 65 illik yubileyi qeyd olunub
"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin direktoru Nazim Əhmədovun 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, qəbul olunmuş dövlət proqramlarının icrası insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə, yaxşılaşmasına müsbət təsirini göstərib. Bu fəaliyyətin Gəncə şəhərində də öz əksini tapdığını söyləyən Niyazi Bayramov, Nazim həkimin səhiyyə sahəsində olan xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. O bildirib ki, yüzlərlə insana sağlamlıq bəxş edən, gördüyü bu işdən hədsiz zövq alan Nazim həkim özünün biliyi, təcrübəsi, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə tanınır, şəhədə ictimai fəaliyyəti ilə fərqlənir. Niyazi Bayramov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə illərdir çiyin-çiyinə çalışan həmkarları və gənc həkimlər Nazim Əhmədova təbriklərini çatdırıblar.
Tədbirin sonunda Niyazi Bayramov Nazim Əhmədovu 65 illik yubileyi münasibətilə, Gəncə şəhərinin ictimai həyatında və səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.
Nazim Əhmədov öz növbəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Əhmədov Nazim Məmməd oğlu 29 avqust 1957-ci il tarixdə Gəncə şəhərində anadan olub. Uzun illərdir ki, Gəncə şəhər səhiyyə sahəsində xidmətləri ilə seçilib. Hazırda "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin direktor vəzifəsində çalışır.