Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov 8 Noyabr - Zəfər Günü ərəfəsində növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb

05 noyabr 2022 | 15:33

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, həmçinin sağlamlıqlarını itirmiş müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin tərkib hissəsidir. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində yaşayan şəhid ailələri və qaziləri də şəhər rəhbərliyi tərfindən daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, onların qayğıları ilə maraqlanır.

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları, YAP Gəncə şəhər təşkilatının sədri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi növbəti görüşdə 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun hərbi əməliyyatlarda nümayiş etdirdiyi qəhrəmanlıqlardan danışılıb. Şəhər rəhbərliyi görüşdə iştirak edən şəhid ailələri və qazilərin müraciət və təkliflərini dinləyib, onların sosial problemləri ilə maraqlanıb.

Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin tikintisi və təmiri, müalicə üçün müvafiq köməkliyin göstərilməsi, işlə təminat və sair məsələlər təşkil edib. Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, şəhid ailələrinin və sağlamlıqlarını itirmiş müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər ölkə rəhbərliyinin şəhidlərimizin ruhuna sonsuz ehtiramının, onların yadigarlarına diqqət və qayğının bariz nümunəsidir.

Niyazi Bayramov şəhid ailələri və Vətən müharibəsi iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, onların hər birini 8 noyabr 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramına dəvət edib.

Keçidlər