Niyazi Bayramov asudə vaxtında yeniyetmə voleybolçuların məşqini izləyib
21 iyul 2024 | 16:50
Gəncə İdman Sarayında Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə hesabat xarakterli görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Gəncə Regional Voleybol Klubunun təsisçisi və rəhbəri Pərviz Qədirov, Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov, “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev və digər rəsmilər iştirak ediblər.
Əvvəlcə Gəncə Regional Voleybol Klubunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra rəsmilər qızlardan və oğlanlardan ibarət komandaların məşq prosesini, tədbirin davamında isə komandalar arasında təşkil olunan oyunu izləyiblər.
Oyundan sonra rəsmilər Gəncə Regional Voleybol Klubunun yeniyetmə voleybolçuları ilə görüşüblər.
Niyazi Bayramov ölkəmizdə idmanın inkiafına göstərilən diqqət və qayğıdan söz açıb. O qeyd edib ki, ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən olan layihələr arasında xüsusi yer tutur.
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkəmizdə voleybol idman növünün kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələr verib və onlara uğurlar arzulayıb.
Görüşün sonunda Gəncə Regional Voleybol Klubunu və Gəncə Voleybol Klubunun yeniyetmə oyunçuları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, məşq toplanışında Gəncə Regional Voleybol Klubunu əhatə edən şəhər və rayonlardan 20-si oğlan, 40-ı qız olmaqla, ümumilikdə 60 yeniyetmə voleybolçu iştirak edib.