Niyazi Bayramov Cavadxan küçəsinə baxış keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Cavadxan küçəsinə baxış keçiriblər. Baxış zamanı şəhər rəhbəri burada qanunsuz küçə ticarəti ilə məşğul olan bir sıra şəxslərlə görüşüb. Görüşdə Niyazi Bayramov həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların nəzərinə çatdırıb. Şəhər rəhbəri onu da qeyd edib ki, yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsulları antisanitar vəziyyət yaradır, şəhərin ümumi görünüşünə də xələl gətirir.
Daha sonra Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən, həmin ərazidə olan qanunsuz köşklərin yığışdırılması təmin olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə protokol tərtib olunaraq cərimələr tətbiq edilir.