Niyazi Bayramov Dağıstan Respublikasının Bakıdakı rəsmi nümayəndəsi ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı rəsmi nümayəndəsi Əliyar Abdullayevlə görüşüb. Qeyri-rəsmi xarakter daşıyan görüş III MDB Oyunları çərçivəsində Yunan-Roma güləşi üzrə yarışların keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində baş tutub.
Yarışları izləməyə gələn Əliyar Abdullayev Gəncədə müşahidə etdiyi qonaqpərvərlikdən və idman yarışlarının təşkilindən məmnunluğunu ifadə edib. O, MDB ölkələri arasında bu cür tədbirlərin əməkdaşlıq və mədəni mübadilə baxımından əhəmiyyətini qeyd edərək, gələcəkdə də bu münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Niyazi Bayramov Gəncədə belə beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinin şəhər üçün önəmindən danışıb, bunun regionun sosial-iqtisadi və mədəni həyatına müsbət təsir etdiyini vurğulayıb.
Görüşün sonunda Əliyar Abdullayev tərəfindən Niyazi Bayramova xatirə hədiyyəsi təqdim olunub. Hədiyyə üzərində Dağıstan Respublikasının rəmzlərini və memarlıq elementlərini əks etdirən bədii təsvir yer alıb. Kompozisiyanın yuxarı hissəsində məşhur Dağıstan şairi Rəsul Həmzətovun Azərbaycanla bağlı fikrinə yer verilib.






