Niyazi Bayramov “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Basketbol Kubokunun qalibi olan “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüş keçirib. Gəncə İdman Sarayında təşkil olunan görüşdə klubun icraçı direktoru Elnur Cəfərov, baş məşqçi Atlı Halil Halit, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və komandanın üzvləri iştirak ediblər.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idman sahəsinə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri Azərbaycan Basketbol Kubokunda “Gəncə” Basketbol Klubunun qazandığı qələbəni yüksək qiymətləndirərək, komandanın bu turnirdə artıq ikinci dəfə qalib olmasının Gəncə idmanının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, komandanı əldə etdiyi növbəti qələbə münasibətilə təbrik edib və gələcək yarışlarda da uğurlar arzulayıb.
Görüşdə klubun fəaliyyəti, komandanın inkişaf perspektivləri və Azərbaycan Basketbol Kubokunda qazanılan qələbə barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Niyazi Bayramova komandanın forması hədiyyə olunub. Öz növbəsində şəhər rəhbəri tərəfindən “Gəncə” Basketbol Klubuna Azərbaycan Basketbol Kubokunda əldə etdiyi yüksək nailiyyətə görə “Təşəkkürnamə” təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.






