Niyazi Bayramov Gəncə Dövlət Milli Dram Teatrının əməkdaşları ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Portuqaliyanın Braqa şəhərində keçirilən "MİT" III Beynəlxalq Teatr Festivalından mükafatla qayıdan Gəncə Dövlət Milli Dram Teatrının rəhbərliyi və aktyor heyəti ilə görüşüb. Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Aqil Bəhramlı göstərilən diqqətə və dəstəyə görə şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Gəncə Dövlət Milli Dram Teatrı "MİT " III Beynəlxalq Teatr festivalında dramaturq Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanan absurd komediya ilə çıxış edib. Kollektiv festivalın "Qran-Pri"-sinə və “Ən yaxşı tamaşa geyimi" nominasiyası üzrə mükafata layiq görülüb.
Niyazi Bayramov Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı və aktyor heyətini əldə etdikləri nailiyyətlərlə bağlı təbrik edib. “Dünyanın aparıcı teatrlarının iştirak etdiyi beynəlxalq festivalda Gəncə Dövlət Milli Dram Teatrının “Qran-Pri” mükafatına layiq görülməsi olduqda sevindirici haldır. Bu, onu deməyə əsas verir ki, Gəncə teatrında çalışan aktyor və rejissor heyəti həm savadlı, həm istedadlı, həm də işinin peşəkarlarından ibarətdir”, - deyə şəhər rəhbəri qeyd edib. Niyazi Bayramov Aqil Bəhramlını Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Teatr xadimi” qızıl medalına layiq görülməsi münasibəti ilə də təbrik edib.
Söhbətin davamında cari mövsümdə teatrda səhnələşdiriləcək yeni tamaşalar və planlaşdırılan səfərlər barədə şəhər rəhbərinə məlumat verilib. Yekunda Niyazi Bayramova xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkli çəkdirilib.