Niyazi Bayramov Gəncə şəhərinin elm xadimlərini yubileyləri münasibətilə təbrik edib
03 mart 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətində Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, texnika elmləri doktoru, professor Nurəddin Məmmədovun 85, Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutun direktoru, professor Kamil Fətəliyevi 80 illik yubileyləri münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Musa Quliyev, Müşfiq Cəfərov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçsı Aparatının məsul əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetin və Azərbaycan Texnologiya Universitetinin rektorları iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, hər iki dəyərli ziyalılar şəhərin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, Vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Daha sonra şəhər rəhbəri Nurəddin Məmmədovu və Kamil Fətəliyevi yubileyləri münasibətilə təbrik edib, onlara xoş arzularını yetirib.
Musa Quliyev də öz çıxışında yubilyarlara Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təbriklərini çatdırıb. O, hər iki görkəmli alimlərin Gəncənin elm və təhsil sahəsinə verdiyi böyük töhfələrdən və şəhərin ictimai həyatında əvəzsiz xidmətlərindən bəhs edib.
Çıxış edən qonaqlar alimlər - Nurəddin Məmmədovun və Kamil Fətəliyevin ölkənin elm sahəsində, özəlliklə aqrar sektordakı böyük nailiyyətlərindən danışıblar. Bununla yanaşı, hər iki ziyalının şəhərin ictimai həyatında fəal iştiraklarını vurğulayıb, professor-müəllim heyətinin və tələbələrin böyük rəğbətini qazandıqlarını qeyd ediblər.
Nurəddin Məmmədov və Kamil Fətəliyev öz çıxışlarında göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər. Hər zaman dövlətçiliyə xidmət edəcəklərini və daim ölkə rəhbərinin yanında olacaqlarını qeyd edilər. Bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklərini vurğulayıblar.
Daha sonra Niyazi Bayramov tərəfindən Nurəddin Məmmədov və Kamil Fətəliyev Gəncə şəhərinin ictimai-siyasi, elm və təhsil həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə”lərlə təltif olunub, eyni zamanda onlara qiymətli hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Həsənov Nurəddin Nəcəf oğlu 07 oktyabr 1937-ci ildə Gədəbəydə anadan olub. 1961-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetində çalışır, 2007-ci ildən ADAU-nun professorudur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar Müəllim” fəxri adı ilə təltif olunub.
Fətəliyev Kamil Hətəm oğlu 03 mart 1943-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalı, Sisyan rayonunun Şəki kəndində anadan olub. 2003-cü ildən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır. 2010-cu ildən ADAU-nun fəxri professorudur.