Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov hadisə yerinə gələrək partlayış baş verən binadakı vəziyyətlə yerində tanış olub

18 oktyabr 2024 | 13:10

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, habelə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da hadisə yerinə gəliblər.

Aidiyyəti qurumların nümayəndələri tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib. Həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində iki nəfər həyatını itirib. Ölənlərin 44 yaşlı Könül Xudaverdiyeva və 62 yaşlı Mehriban Paşayeva olduğu müəyyən edilib.

Yaralılar “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nəzdində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunublar. 33 yaşlı Bəxtiyar Orucova, 25 yaşlı Firuzə Yusibovaya və 20 yaşlı Nuranə Əliyevaya zəruri tibbi xidmətlər göstərilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, zərərçəkənlərə dövlət tərəfindən zəruri yardımlar ediləcəkdir: “Bugün burada başverən partlayış nəticəsində yaralanan sakinlərə tərəfimizdən maddi yardım göstəriləcəkdir. Həmçinin, evləri yararsız hala düşən və qalmağa yeri olmayan sakinlər kirayə mənzillərə yerləşdiriləcəklər. Binanın təmir olunub olunmayacağı və ya sökülüb yenidən inşa ediləcəyi isə FHN-nin verəcəyi rəydən sonra bəlli olacaq”.

Hadisə yerindən sonra Niyazi Bayramov xəstəxanaya gələrək, yaralıları ziyarət edib, onların vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, yaralılardan 1 nəfərin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

Keçidlər