Niyazi Bayramov İndoneziyanın səfiri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.
Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir və burada Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2” kimi iri sənaye müəssisələrinin olduğu diqqətə çatdırılıb.
O da qeyd olunub ki, Gəncədə üç universitet, üç kollec, eləcə də bir sıra iri mədəniyyət ocaqları mövcuddur. Müxtəlif illərdə Gəncə Avropanın Gənclər Paytaxtı, MDB ölkələrinin Mədəniyyət Paytaxtı və Avropanın İdman Şəhəri seçilib. 2025-ci ildə isə III MDB Oyunları çərçivəsində bir sıra yarışlara ev sahibliyi edib. Həmçinin şəhərdə yüksək standartlara cavab verən İdman Sarayı və Gəncə Şəhər Stadionu inşa olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən Berlian Helmi Gəncəyə səfərinin əsas məqsədinin təhsil, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin qurulması olduğunu vurğulayıb. O qeyd edib ki, Gəncə İndoneziyanın bir sıra şəhərləri ilə qardaşlaşa bilər.
Bununla yanaşı, şəhərin sənaye və iqtisadi potensialı nəzərə alınaraq ikitərəfli əməkdaşlıq imkanlarının yaradıla biləcəyi bildirilib. Eyni zamanda ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin təşkili perspektivləri də müzakirə olunub.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub və xatirə şəkli çəkdirilib.






