Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

06 avqust 2026 | 12:03

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krauz ilə görüşüb.

Niyazi Bayramov qonağı salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qədim tarixə malik Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm sənaye, təhsil və mədəniyyət mərkəzlərindən biridir. Şəhərdə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2” və digər iri sənaye müəssisələri yerləşir. Həmçinin Gəncədə üç universitet, üç kollec və bir sıra mühüm mədəniyyət müəssisələrinin olduğu bildirilib.

Görüşdə şəhərin beynəlxalq səviyyədə qazandığı uğurlardan da söz açılıb. Bildirilib ki, Gəncə müxtəlif illərdə Avropanın Gənclər Paytaxtı, MDB ölkələrinin Mədəniyyət Paytaxtı və Avropanın İdman Şəhəri  seçilib. 2025-ci ildə isə Gəncə III MDB Oyunları çərçivəsində bir sıra idman yarışlarına ev sahibliyi edib. Şəhərdə müasir standartlara cavab verən İdman Sarayı və Gəncə Şəhər Stadionu da inşa olunub.

Niyazi Bayramov Azərbaycanın müxtəlif xalqların və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı tolerant və multikultural ölkə olduğunu da vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsrailin Azərbaycandakı səfiri Ronen Krauz Gəncənin potensialını yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin konkret layihələr vasitəsilə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə İsrail universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və mütəxəssis mübadiləsinin təşkili imkanları müzakirə olunub.

Keçidlər