Niyazi Bayramov IV Milli Yaylaq Festivalında iştirak edib
15-17 Avqust 2025-ci il tarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub. IV MYF-nin rəsmi açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Gənclər və idman naziri Fərid Qayıbov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və digər rəsmilər iştirak ediblər.
Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladaraq qeyd edib ki, burada olmaq böyük xoşbəxtlikdir: “Yaylaq festivalı sayəsində iki qardaş ölkə - Azərbaycan və Türkiyə mədəniyyətinin də ortaq olmasını bir daha görürük. Müsəlman ölkələri daim birgə olmalıdır. Qarabağ Zəfəri iki ölkənin bir daha güclü dostluq münasibətində olduğunu sübut etdi".
Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu qeyd edib: "Artıq dördüncü ildir Milli Yaylaq Festivalı təşkil olunur. İnsanlarda festivala olan maraq yüksək səviyyədədir. Əsas məqsədimiz adət-ənənələrimizi yaşatmaq və gənclərə bunu sevdirməkdir. Əlbəttə ki, bu cür tədbirlər dövlətin qayğısı olmadan baş tuta bilməz. Bizə dəstək olan Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana da minnətdarıq".
“Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov Göygöl rayonunda növbəti dəfə bu tədbirin təşkil edilməsinin sevindirici olduğunu vurğulayıb. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən Milli Yaylaq Festivalına olan marağı yüksək qiymətləndirib.
Qeyd edək ki, IV Milli Yaylaq Festivalının keçirildiyi Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.
Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.
Məlumat üçün bildirək ki, IV Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə Şəhər İcra Hakimiyyətinin, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilib.






