Niyazi Bayramov “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bərpa olunan enerji sahəsində dünyanın ən sürətlə inkişaf edən şirkətlərindən biri olan “Masdar” şirkətinin nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə şirkətin “Tullantıdan enerjiyə” zavodunun direktoru Aidan Kennedi, layihə meneceri Nouf Uazir, “Azərbaycan İnvestisiya “Şirkəti” ASC-nin baş mütəxəssisləri Aysel Qəribzadə, Maksud Məmmədov, “Təmiz şəhər” ASC-nin layihə koordinatoru Nurlan Haşımov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatınının məsul əməkdaşları, Nizami və Kəpəz Bələdiyyəsinin sədrləri və Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi iştirak ediblər.
Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, “Masdar” şirkəti ölkənin bərpa olunan enerji potensialının hərəkətə gətirilməsi sahəsində önəmli işlər həyata keçirir. Şəhər rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberini qəbul edib.
Həmçinin, şirkət Azərbaycanda davamlı olaraq bir sıra layihələrə də imza atıb. Bu isə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etməyinin bariz nümunəsidir.
Qonaqlar Niyazi Bayramova səmimi görüş üçün təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, “Tullantılardan enerjiyə” layihəsi çərçivəsində Qərb bölgəsində eyniadlı zavodun tikilməsi planlaşdırılır. Zavodda 11 inzibati rayon və şəhərdən olan illik 300 min ton tullantıların utilizasiyasının həyata keçirilməsi və ildə 108 min mV/saat enerjinin istehsal edilməsi nəzərdə tutulur.
Görüşdə layihə ətrafında geniş müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.