Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüşdə millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Görüşdən əvvəl Niyazi Bayramov şəhid ailələri və sakinlərlə birlikdə Heydər Əliyev Park-Xiyaban Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə əkilən ağacların olduğu hissəyə baxış keçirib.
Görüş çay süfrəsi arxasında səmimi söhbət şəraitində davam edib.
Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlər görülür. Şəhər rəhbəri bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində yaşayan şəhid ailələri və müharibə əlilləri də daim diqqətdə saxlanılırlar.
Görüşdə iştirak edən vətəndaşlar tək-tək çıxış edərək, onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflər səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.
Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.
Görüşdə iştirak edən vətəndaşlar, o cümlədən şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısı və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.