Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb. Görüşdə millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir. Şəhər rəhbəri eyni zamanda, vətəndaşları 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib.
Səyyar görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.