Niyazi Bayramov sakinlərlə görüşərək onların müraciətlərini dinləyib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Növbəti səyyar görüş Gəncə şəhər 13 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl Gəncə şəhər 13 nömrəli tam orta məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, məktəblərin qarşısında olan yerüstü piyada keçidlərinin rənglənməsi, qəsəbələrə yeni marşrut xətlərinin açılması kimi məsələlər üstünlük təşkil edib.
Bir çox məsələ yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Bununla yanaşı, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər yekunlaşan, asfalt örtüyü bərpa edilən və küçə işıqlandırılması sistemləri yenilənən bir sıra küçələrin sakinləri görülən abadlıq işlərinə görə öz təşəkkürlərini bildiriblər.
Niyazi Bayramov icra olunan infrastruktur layihələrinin möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə olan diqqət və qayğısının nəticəsi olduğunu qeyd edib, həyata keçirilən abadlıq və quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.