Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüş keçirib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Şəhər rəhbəri çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, sosial infrastrukturun yeniləndiyini və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib.
Niyazi Bayramov Gəncənin inkişafında ağsaqqalların zəngin həyat təcrübəsinin, dəyərli tövsiyələrinin və ictimai fəallığının da mühüm rol oynadığını vurğulayıb. Həmçinin, icra başçısı ağsaqqalları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün xalqımızın tarixindəki mühüm əhəmiyyətini vurğulayıb.
Ağsaqqallar da öz növbələrində dövlət başçısının Gəncəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək şəhərdə aparılan quruculuq işləri və inkişaf istiqamətində görülən tədbirlərlə bağlı fikirlərini və tövsiyələrini səsləndiriblər.






