Niyazi Bayramov şəhər ərazisində aparılan asfaltlanma işləri ilə yerində tanış olub
Gəncə şəhərinin Nizami Gəncəvi prospektində, Gəncə Beynəlxalq Hava Limanı istiqamətində gedən yolda asfaltlanma işləri görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aparılan işlərə yerində baxış keçirib.
Şəhər rəhbərinə məlumat verilib ki, təmir-tikinti işləri zamanı yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Niyazi Bayramov aparılan işlərin gedişatı ilə yerində tanış olduqdan sonra aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.