Niyazi Bayramov şəhər ziyalıları ilə görüşüb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu dəfə şəhər ziyalıları ilə görüşüb, onların müraciətlərini dinləyib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, ölkə rəhbərinin Gəncə şəhərinə olan diqqət və qayğısı nəticəsində şəhərdə abadlıq-quruculuq işləri davam edir. Görülən işlər çərçivəsində şəhərin park və xiyabanlarında olan fəvvarələr əsaslı təmir edilib və artıq sakinlərin ixtiyarına verilib.
Ziyalılar şəhərdə görülən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz dərin təşəkkürlərini bildiriblər, həmçinin bir sıra təklif və müraciətlə çıxış ediblər.
Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Görüş çay süfrəsi arxasında səmimi söhbət şəraitində davam edib.