Niyazi Bayramov şəhərdə aparılan abadlıq, quruculuq və əsaslı təmir işləri ilə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birlikdə şəhərin müxtəlif ərazilərində aparılan abadlıq, quruculuq və əsaslı təmir işlərinin gedişatı ilə tanış olub.
Əvvəlcə şəhər rəhbəri Heydər Əliyev Meydanındakı fəvvarələrdə aparılan əsaslı təmir işlərinə baxış keçirib. Daha sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında olub. Niyazi Bayramova məlumat verilib ki, buradakı fəvvarələrin üzərindəki solmuş boyalar yenilənir, hidrotexniki qurğuları təmir olunur. Həmçinin bildirilib ki, Filarmoniyanın ətrafında geniş abadlıq işləri görülüb, əraziyə dekorativ güllər əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Əlavə olaraq qeyd olunub ki, abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələrdə əsaslı təmir işləri davam edir. Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 6 böyük fəvvarə yenilənir.
Bununla yanaşı, Niyazi Bayramov “Abad Məhəllə”lər layihəsi çərçivəsində şəhərin müxtəlif ərazilərində aparılan işlərə də baxış keçirib və binaların həyətlərində yaradılan şəraitlə tanış olub.
Aparılan abadlıq və təmir işlərinin gedişatı ilə tanış olan Niyazi Bayramov görülən işlərə dair öz tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda Niyazi Bayramov şəhər sakinləri ilə görüşərək onların rəy və təkliflərini dinləyib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.