Niyazi Bayramov şəhid ailələri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin ailələri ilə görüşüb və Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Şəhər rəhbəri şəhid ailələri ilə birlikdə Əbədi Məşəl abidəsinin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib.
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu kateqoriyadan olan vətəndaşların sosial rifahının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onlar daim diqqət mərkəzində saxlanılır.
Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən, Gəncə şəhərindən Nağıyev Əli Elşən oğlu və Muxtarov Sərxan İlqar oğlu da təltif olunanlar arasında yer alıblar. Ümumilikdə isə Gəncə şəhərindən olan 65 şəhid hərbi qulluqçunun müxtəlif illərdə ordenlərlə təltif edildiyi diqqətə çatdırılıb.
Şəhid ailələrinin üzvləri də öz növbələrində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.






