Niyazi Bayramov şəhid Hüseyn Quliyevin ailəsini ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Quliyev Hüseyn Həsən oğlunun ailəsini ziyarət edib. Görüşdə millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Şəhidin atası Həsən Quliyevin müraciəti əsasında onunla görüşən şəhər rəhbəri ailə üzvlərinə səbir diləyib və bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim şəhid ailələrini diqqət mərkəzində saxlayır, onlara qayğı ilə yanaşırlar.
Niyazi Bayramov şəhid atası Həsən Quliyevi narahat edən məsələlərlə maraqlanıb və lazımi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verib.
Həsən Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü ifadə edib.
Qeyd edək ki, 21 yaşlı Quliyev Hüseyn Həsən oğlu 28 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq ölümündən sonra orden və medallarla təltif olunub.