Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov SPECA Şəhərlər Forumunda iştirak edib

20 may 2026 | 14:39

Bakı Olimpiya Stadionunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “SPECA Şəhərlər Forumu: İnklüziv və Dayanıqlı Şəhər Gələcəyi üçün Mənzil Həlləri” mövzusunda beynəlxalq tədbir keçirilib.

Forum Mərkəzi və Qərbi Asiya regionunda şəhərlərarası əməkdaşlığın gücləndirilməsi, əlçatan və dayanıqlı mənzil siyasətlərinin təşviqi, eləcə də iqlimə davamlı urbanizasiya həllərinin müzakirəsinə həsr olunub.

Tədbirdə qeyd olunub ki, SPECA Şəhərlər Forumu region üzrə ilk şəhərlərarası əməkdaşlıq platformasıdır. Forum 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində yaradılıb və Almatı, Arkadaq, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd şəhərlərinin təşəbbüsü ilə formalaşdırılıb.

Sessiya zamanı sürətli urbanizasiya şəraitində əlçatan mənzil təminatı, yaşayış fondunun enerji səmərəliliyinin artırılması, iqlim dayanıqlılığı və ağıllı şəhər idarəçiliyi məsələləri geniş müzakirə olunub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, BMT Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin və UN-Habitat-ın Qlobal Həllər Bölməsinin direktoru Raf Tuts çıxış ediblər.

Forum çərçivəsində SPECA İqlimə Dayanıqlı Şəhərlər Forumunun yaradılması üzrə Niyyət Bəyannaməsi imzalanıb.

Panel müzakirələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almatı şəhərinin mer müavini Nurlan Abdrakhim və Türkmənistanda BMT Rezident Əlaqələndiricisinin Ofisinin İnkişaf üzrə Koordinatoru Maksat Keşiyev iştirak ediblər.

Niyazi Bayramov çıxışında Gəncənin Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, həm də elm və mədəniyyət mərkəzi, ölkənin “Qərb qapısı” kimi tanındığını bildirib. O qeyd edib ki, şəhər sürətlə inkişaf edir, həyata keçirilən müasir infrastruktur və abadlıq layihələri nəticəsində Gəncə yeni inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda, yenidənqurma prosesləri zamanı tarixi abidələrin və memarlıq irsinin qorunmasına xüsusi diqqət yetirildiyi vurğulanıb.

Şəhər rəhbəri qeyd edib ki, 2026-cı ilin mart ayında Gəncə şəhərinin yeni Baş Planı təsdiqlənib. Baş Plana əsasən şəhərin gələcəkdə təxminən 500 min nəfər əhali üçün inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün yeni yaşayış massivlərinin salınması, mövcud məhəllələrin mərhələli şəkildə yenilənməsi və sosial infrastrukturla təmin edilmiş yaşayış zonalarının genişləndirilməsi planlaşdırılır. Məqsəd Gəncəni hər bir sakin üçün əlçatan, təhlükəsiz və dayanıqlı mənzil şəraitinə malik müasir şəhərə çevirməkdir.

Müzakirələr zamanı şəhərlərdə mənzil əlçatanlığının artırılması, enerji səmərəliliyi üzrə modernizasiya proqramları, rəqəmsal idarəetmə həlləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə SPECA ölkələrinin şəhər nümayəndələri, beynəlxalq təşkilatlar və regional tərəfdaşlar iştirak ediblər.

Tədbirin sonunda Gəncə şəhərinə həsr olunmuş videoçarx nümyiş olunub.

Keçidlər