Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov: Şuşa Zirvə görüşü Türk dünyasını yeni ortaq hədəflərə yönəltdi

10 iyul 2024 | 14:57

Azərbaycan Türk dünyasının qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərini təşəbbüskarlıqla davam etdirir.

Qədim tarixi köklər, etnik birlik, ortaq mədəniyyət, oxşar adət-ənənələr, zəngin milli-mənəvi dəyərlər və humanist dini inanc üzərində ölkəmizin fəal iştirakı ilə yenidən formalaşan çoxtərəfli əməkdaşlıq Türk Dövlətləri Təşkilatını Avrasiyanın nüfuzlu güc mərkəzinə çevirir.

Türk xalqları dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış, bəşəriyyətə dahi şəxsiyyətlər bəxş etmişlər. Azərbaycan bu yüksəlişin mərkəzi coğrafiyası kimi ortaq tariximizdə də silinməz izlər qoyub. Sovet imperiyasının süqutundan sonra yaranmış tarixi şəraitdə ölkəmiz müstəqillik qazanmış qardaş dövlətlər də daxil olmaqla Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi üçün önəmli addımlar atmış və layiqli töhfələr vermişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti elan etmişdir.

“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Bu fikirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyul ayının 6-da Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı səsləndirdi. Dövlətimizin başçısı Şuşa zirvəsindən dünyaya bəyan etdi ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

Qardaş Türk ölkələri və toplumları ilə qarşılıqlı-faydalı və çoxşaxəli əməkdaşlıq əlaqələri quran Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişləndirilməsi üçün bütün imkan və vasitələri səfərbər edib. Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını nəzərə alaraq, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Şərq–Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində  1 milyondan 5 milyon tona çatdırılmışdır. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir, artan yükdaşımalarını nəzərə alaraq Bakı gəmiqayırma zavodunda daha 6 gəmi inşa edilir. Növbəti il Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin  15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Türk dövlətləri arasında enerji sahəsində mövcüd olan strateji tərəfdaşlıq, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək yolu” layihəsi isə son illərin mühüm təşəbbüslərindən biridir. Qarşıdakı illərdə türk dövlətləri arasında mövcud hərtərəfli əlaqələr daha da genişləndiriləcəkdir.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” bu baxımdan mühüm prinsipləri və yeni hədəfləri özündə ehtiva edir. İqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiya və müdafiə sahəsində əməkdaşlıq kimi sahələri əhatə edən, üzv ölkələr arasında mədəni və tarixi bağları bir daha təsdiqləyən “Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

“Qarabağ Bəyannaməsi”nin imzalanması üçün məhz Şuşa şəhərinin seçilməsi, onun tarixi vacibliyini daha da artırır. Belə ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 30 ilə yaxın əsarət altında olan Şuşanın Vətən müharibəsi nəticəsində işğaldan azad olunması, onun bərpası Azərbaycan kimi, onun müttəfiqləri üçün də tarixi dəyər daşımaqdadır.

Yeri gəlmişkən bildirək ki, Azərbaycan bu il COP2 qlobal konfransına ev sahibliyi edəcək. COP2-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının daha bir nümunəsidir. Bir məsələyə diqqət yetirək ki, ötən 29 ildə keçmiş ittifaq respublikalarının heç birində belə bir qlobal hədəfli beynəlxalq məclis keçirilməyib. Azərbaycan keçmiş sovet məkanında ilk respublikadır ki, bu mötəbər toplantıya ev sahibliyi edəcək. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsinə türkdilli dövlətlər ümumi maraqdan çıxış edərək böyük dəstək vermişdir. Bu məsələ ilə bağlı həmrəylik Zirvə görüşündə iştirak edən TDT liderlərinin çıxışlarında bir daha öz əksini tapdı. Qeyd olundu ki, Azərbaycanın COP2-a ev sahibliyi regional əməkdaşlıq baxımından da böyük önəm daşıyır.

Xalqımız əmindir ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi irvə görüşü ölkələrimiz arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə, Türk dünyasının birgə səylərlə daha parlaq gələcəyə doğru irəliləməsinə geniş meydan açması ilə ortaq tariximizdə silinməz iz qoyacaqdır.

 

Niyazi Bayramov

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Keçidlər