Niyazi Bayramov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunun açılış mərasimində iştirak edib
3–6 iyun 2026-cı il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu keçirilir. Bu gün forumun rəsmi açılış mərasimi baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da tədbirdə iştirak edir.
Açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Tbilisi Şəhər Məclisinin sədri Zurab Abaşidze və digər rəsmilər çıxış ediblər.
Çıxışlardan sonra forum plenar sessiyalar və tematik panel müzakirələri ilə davam edib. Müzakirələr əsasən “Dayanıqlı şəhər inkişafı: məkan planlaşdırılması və nəqliyyat islahatları”, “Milli rifah naminə neytrallıq: geosiyasət və iqtisadiyyatın idarə olunması”, “İnnovasiya və müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı” və digər mövzulara həsr olunub.
Qeyd edək ki, forumda Azərbaycandan Gəncə ilə yanaşı, Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyətlərinin başçıları, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini də iştirak edirlər.
Xatırladaq ki, forumun əsası 2007-ci ildə Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin davamlı inkişafına, tərəqqiyə yönəlmiş gələcəyin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.






