Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində aparılan işlərlə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən “Təmiz şəhər” aksiyası çərçivəsində təmizlik və abadlıq işlərinə start verilib. Bununla əlaqədar olaraq, Niyazi Bayramov şəhərin müxtəlif ərazilərində aparılan işlərlə yerində tanış olub.
Şəhər rəhbərinə bildirilib ki, MKTİB-nin xüsusi texnikaları və canlı qüvvələri tərəfindən küçə və prospektlərin, səki kənarlarının, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, dayanacaqların bərpası və təmizlənməsi həyata keçirilir. Bununla yanaşı, şəhər ərazisinə yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngarəng güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri hazrda aparılır. Ağacların qurumuş budaqları budanıb, mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir.
Gəncənin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər, o cümlədən həmişəyaşıl kollar əkilib. Həyata keçirilən aksiya şəhər ərazisində bahar təravəti yaratmaqla xalqımızın ən qədim bayramlarından biri hesab olunan Novruza hazırlıq məqsədi daşıyır.
Niyazi Bayramov görülən işlərlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şəhər rəhbərinə yaxınlaşan sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edib və təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu kimi aksiyalar şəhərin bütün ərazilərində mütəmadi olaraq həyata keçirilir.